Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Region haqqında
Tarix
|

Yevlax

Ötən əsrin 80-cı illərində stansiya kimi salınan və uzun müddət əhali tərəfindən «Vağzal» kimi tanınan Yevlax XIX əsrin sonu XX əsrin əvvələrinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax məntəqəsi və ya Yevlax stansiyası, sonra Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır.

Azərbaycan SSR MİR-nin qərarı ilə 1935-ci ilin 20 fevral tarixində Yevlax rayonu təşkil edilmişdir.

1939-cu ilin fevral ayının 1-də Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən Yevlaxda şəhər Soveti yaradılmaqla, Yevlaxa şəhər adı verilmişdir.


1962-ci il dekabrın 26-da çağrılmış Azərbaycan SSR Ali Sovetinin X sessiyasının qərarı ilə Yevlax rayonu ləğv edilərək ərazisi Ağdaş, Bərdə və Qasım İsmayılov rayonlarına verilmiş, Yevlax respublika tabeli sənaye şəhərinə çevrilmişdir. 1965-ci ildə Yevlax yenidən müstəqil rayona çevrilmişdir.

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 6 yanvar 1965-ci il tarixli fərmanı ilə Yevlax şəhəri respublika tabeliyində olan şəhərlər sırasına daxil edilmiş və Yevlax şəhərində sənaye müəssisələrinin tikintisinə başlanmışdır.

Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumundan sonra ulu öndərimiz Heydər Əliyevin qayğısı sayəsində Yevlaxda 70-ci illərdən başlayaraq bir-birinin ardınca yeni, iri sənaye obyektləri tikilmiş və Yevlax tədricən sənaye şəhərinə çevrilmişdir.

Ötən əsrin 70-80-cı illərində Yevlaxda Pambıqtəmizləmə, Tütün fermentləmə, 2 Dəmir beton məmulatları, Çörək, Traktor təmiri, Pivə və spirtsiz içkilər zavodu, «Qarabağ» istehsalat, Taxıl məhsulları, sənaye kombinatları, onlarca iri nəqliyyat, tikinti müəssisəsi, rayonlararası təchizat bazaları və.s fəaliyyət göstərmişdir.

Yevlax-Xankəndi, Yevlax-Balakən dəmiryolu xətti çəkilmiş, Yevlax hava limanı, respublikamızdan kənarda da şöhrət qazanmış Xaldan kənd Kompleks orta məktəbi, Şahmat məktəbi, Uşaq gənclər idman məktəbi, 10535 şagird yerlik 19 orta məktəb, 840 yerlik 15 uşaq bağçası, xəstəxana, mədəni-maarif müəssisələri, çoxmərtəbəli yaşayış binaları tikilib istifadəyə verilmişdir.

1978-ci ildə istifadəyə verilən Zaqafqaziyada ən iri sənaye müəssisəsi olan Yevlax Yunun ilkin emalı fabrikinin işə düşməsi sayəsində Yevlax şəhəri sənaye məhsullarının istehsal həcminə görə o dövrdə respublikasının 3 ən iri sənaye şəhərindən birinə çevrilmişdir.