Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayonunda Milli Mətbuat Günü qeyd olunub.

23.07.2020

Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla, 22 iyul tarixində Zərdab rayonunda Milli Mətbuat Günü qeyd olunub.

145 il əvvəl -1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti Milli Mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.

İlk öncə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Millət Vəkili Jalə Əliyeva, H.B.Zərdabi İrsinin Təbliği Təşəbbüs qrupunun rəhbəri Seymur Bayramov, Zərdabi nəslinin nümayəndəsi Nüsrət Məlikov, “Əkinçi” qəzetinin Baş Redaktoru İsaməddin Əhmədov və digər ziyalı şəxslər H.B.Zərdabinin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək, bu dahi şəxsiyyətin parlaq xatirəsini dərin ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları H.B.Zərdabinin ev muzeyində Zərdabinin həyat və yaradıcılığı ilə yaxından tanış olublar.

H.B.Zərdabinin ev muzeyinin direktoru Vəfa Bayramova tədbir iştirakçılarına Milli Mətbuatın banisi Zərdabinin həyat və yaradıcılığından və keçdiyi şərəfli yoldan danışıb. O, Həsən bəy Zərdabi ideyalarını və "Əkinçi” ənənələrini yaşadan Azərbaycan mətbuatının uzun və şərəfli yol keçdiyini bildirərək "Əkinçi” qəzetinin xalqımızın Milli oyanışında, Milli birliyinin möhkəmlənməsində böyük rol oynadığını, söyləyib.
Sonda Zərdab rayon İcra Hakimiyyəti başçısı Mərdan Camalzadə və tədbir iştirakçıları mətbuat nümayəndələrinə 22 İyul – Milli Mətbuat Günü münasibəti ilə təbriklərini çatdırıblar.