Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda Şəhid Çingiz Məmmədovun Xatirə muzeyinin açılışı olub.

22.11.2019

20 noyabr 2019-cu il tarixində Ağdaş rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Şəhid olmuş Məmmədov Çingiz Xasay oğlunun Xatirə muzeyinin açılşı olub. Şəhidin atası Xasay Məmmədovun müraciəti əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan İstiqlal Muzeyinin Baş fond mühafizi Aidə Axundova Ağdaş rayonuna ezam olunmuş və daha sonra ictimai əsaslarla Xatirə muzeyi yaradılmışdır. Eyni zamanda muzey Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Ağdaş Regional Mədəniyyət İdarəsi tərəfindən lazımi invertar və avadanlıqlarla təmin olunmuşdur.

Açılış mərasimində Şəhidin ailə üzvləri ilə yanaşı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin nümayəndələri, rayonun mədəniyyət, təhsil işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin nümayəndələri Emil Hacızadə və Ceyhun Cavadov çıxış edərək Şəhid ailələrinin daima Ali Baş Komandan İlham Əliyevin diqqət mərkəzində olduğunu və onlara hər zaman dövlət tərəfindən xüsusi qayğı göstərildiyini qeyd edərək, Qarabağ torpaqlarının tezliklə düşmən tapdağından azad olunacağını bildiriblər. Tədbirdə çıxış edən Ağdaş rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Çingiz Qasımov rayonun mədəniyyət işçiləri adından Şəhidin atasına başsağlığı verərək, Şəhidlərin heç zaman unudulmadığını bildirib və Xatirə muzeyinin hər zaman Ağdaş Regional Mədəniyyət İdarəsinin rəhbərliyinin diqqətində olacağını qeyd edib.

Şəhidin atası Xasay Məmmədov öz növbəsində oğlu barədə öz xatirələrini bölüşüb və muzeyin ərsəyə gəlməsində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Ağdaş Regional Mədəniyyət İdarəsinə və digər qurumlara öz dərin minnətdarlığını və təşəkkürünü bildirib.

Sonda tədbir iştirakçıları muzeyin Rəy kitabına öz fikirlərini və ürək sözlərini yazıblar.