Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda “Milli Musiqi Günü” qeyd edilib.

19.09.2019

18 Sentyabr 2019-cu il tarixində Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbində Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəylinin anadan olmasının 134-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
           Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rafiq İsgəndərov Şərqdə ilk opera, operetta janrının, bənzərsiz musiqi irsinin müəllifi Üzeyir Hacıbəylinin yaradıcılığından söhbət açıb, bəstəkarın ad günü münasibətilə ölkəmizdə,o cümlədən Ağdaş rayonunda silsilə tədbirlərin keçirildiyini vurğulayıb.O, Üzeyir Hacıbəyli irsinin təkcə Azərbaycanın deyil, bütün dünyanın nadir incisi olduğunu bildirib,dahi bəstəkarın yaradıcılığını Azərbaycan xalqının milli mənəvi sərvəti adlandırıb.O eyni zamanda bildirib ki, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18-sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır. Fərmana uyğun olaraq hər il respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər, festivallar təşkil olunur.

           Məktəbin qarşısında,açıq səma altında təşkil olunmuş tədbirdə Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin, xor kollektivinin, Xalq Çalğı Alətləri ansamblının eləcə də rayon mədəniyyət işçilərinin ifasında Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin Azərbaycan musiqi mədəniyyətinə bəxş etdikləri dəyərli əsərlər səsləndirilib,məhşur “O olmasın bu olsun” və “Arşın mal alan” əsərlərindən səhnəciklər nümayiş etdirilib.

           Ağdaş rayon icra hakimiyyəti aparatının məsul işçisi Möhlüd Hacıxanov,Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Seyfəddin Feyzullayev və digərləri öz çıxışlarında konsertdən mənəvi zövq aldıqlarını vurğulayıb və belə bir tədbiri hazırladıqları üçün məktəbin kollektivinə öz minnətdarlıqlarını bildiriblər.

         Tədbirdə mədəniyyət işçiləri ilə yanaşı rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və rayon məktəbliləri iştirak ediblər.