Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nəsimi ili” çərçivəsində Ağdaş rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib.

30.05.2019

30 may 2019-cu il tarixində Ağdaş rayon Mədəniyyət Mərkəzində Ağdaş rayon Mərkəzi kitabxananın və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış, klassik  Azərbaycan ədəbiyyatının nümayəndəsi,  böyük mütəfəkkir və şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi və 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması ilə əlaqədar “Nəsimi dünyası” adlı teatrlaşdırılmış ədəbi-bədii kompozisiya keçirilib.

İlk öncə tədbir iştirakçıları “İmadəddin Nəsimi-650” və “Əbədiyyət üfüqündə doğan günəş” adlı kitab və Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyinin üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

“Nəsimi” kontatasının sədaları altında başlayan tədbirdə ilk olaraq söz Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayevə verilib. O, çıxışında  bildirib ki,  tədbir Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamı və 2019-cu ilin “Nəsimi ili” elan olunması  çərçivəsində reallaşmışdır. Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Sonra Mədəniyyət Mərkəzinin Xalq teatrının aktyorlarının ifasında “Nəsimi” kinofilmdən  bir neçə səhnələşdirilmiş epizod tədbir iştirakçılarına təqdim olunub. Eyni zamanda xanəndələrin ifasında Nəsiminin qəzəllərindən ibarət muğam və təsniflər səsləndirilib, bədii qiraətçilər tərəfindən qəzəllər söylənilib.

          Sonda Ağdaş Regional Mədəniyyət  İdarəsinin  rəisi  Ramiz Quliyev çıxış edərək  tədbirin hazırlanmasında  əməyi olan  hər  kəsə öz minnətdarlığını bildirmiş, Regional İdarənin əhatə etdiyi rayonlarda “Nəsimi ili” çərçivəsində tədbirlərin davam edəcəyini vurğulamışdır.