Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay Rayon Heydər Əliyev Mərkəzində Respublika günü qeyd edilib.

27.05.2019

27 may 2019-cu il tarixində Göyçay Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 101-ci il dönümünə həsr olunmuş "Cumhuriyyətimiz dövlətçilik tariximizin parlaq səhifəsidir" adlı tədbir keçirilib.
İlk olaraq tədbirdə iştirak edən Göyçay rayon 3 saylı tam orta məktəbin müəllim və şagirdləri Mərkəzlə tanış olublar. Onlara Ulu Öndərin həyat və siyasi fəaliyyəti haqqında geniş məlumat verilib.
Sonra tədbiri giriş sözü ilə Mərkəzin direktoru Zenfira Əliyeva açaraq bildirib ki, bugünki müstəqil Azərbaycan 1918-ci ilin 28 mayında yaradılmış Azərbaycan Xalq Cumhuriyyətinin varisidir və XX əsrin sonlarında ikinci dəfə əldə etdiyimiz bu müstəqillik məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.Sonra o, çıxış üçün sözü 3 nömrəli tam orta məktəbin tarix müəllimi Natiq Quliyevə verib. O, bildirib ki, Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cumhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Daha sonra çıxış üçün söz Göyçay rayon Gənclər Mərkəzinin əməkdaşı Coşqun İsmayılova verilib. O, qeyd edib ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu bir gündür. Dil və ədəbiyyat müəlliməsi Aysel Məmmədova isə öz çıxışında Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycanın çoxəsrlik sosial- iqtisadi, ictimai-siyasi və mədəni inkişafın dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmaqla xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni qabiliyyətinin göstəricisi olduğunu vurğulayıb. 4 saylı tam orta məktəbin tarix müəlliməsi Firəngiz Rzayeva da çıxış edərək Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cumhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini söyləyib.
Növbəti olaraq, Göyçay Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri vətənpərvərlik mövzusunda bir sıra şeirlər söyləyiblər. Sonda Azərbaycan Xalq Cumhuriyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.