17.05.2019
Mayın 17-də Ağdaş rayon Mərkəzi kitabxanasının Oxu zalında Ramazan ayı ilə əlaqədar Ağdaş rayon Hacı Məhəmməd məscidinin din və Quran müəllimi Aynur Məmmədova ilə görüş keçirilib.
Aynur müəllimə tədbir iştirakçılarına Ramazan ayının fəzilətləri barəsində məlumat verərək bildirib ki, Ramazan ayı başdan sona rəhmət ayıdır. Çünki insanlığa doğru yol göstərən Qurani-Kərim məhz bu ayda nazil olmuşdur. Hər bir insan Quranın nazil olduğu ayı Allahın kitabı ilə keçirməyə çalışmalıdır. Oxumalı, oxutmalı, anlamalı və həyatına tətbiq etməlidir. Aynur xanım çıxışına onu da əlavə edib ki, bu ayda orucun fərz qılınmasındakı hikmət insanı pisliklərdən təmizləmək, onu yaradıldığı ilk günün paklığına qovuşdurmaq, imsakdan axşam vaxtına qədər ac-susuz qalaraq nemətlərin sahibini idrak etməyə çalışmaqdır.
O, tədbir iştirakçılarının Ramazan ayı və ümumiyyətlə İslam dini ilə əlaqədar suallarını cavablandırıb. Din xadimi ilə görüş tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Aynur xanım kitabxana işçilərinə dini kitablar hədiyyə edib.
Tədbirin sonunda “11 ayın sultanı Ramazan” adlı sərgiyə baxış keçirilib.