Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayonunda “Muzeylərimiz-tariximiz,sərvətimiz” adlı tədbir keçirilib.

17.05.2019

16 may 2019-cu il tarixində Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyində “Beynəlxalq Muzeylər Günü” və rayon Tarix-Diyarşünaslıq muzeyinin fəaliyyətinin 35 illik yubileyi ilə əlaqədar Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Həsən bəy Zərdabi Muzeyinin və Zərdab Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Muzeylərimiz, tariximiz, sərvətimiz” mövzusunda tədbir keçirilib. Tədbir ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb və şəhər 1 saylı məktəb-liseyin şagirdlərinin ifasında “Bayrağım” adlı kompazisiya ilə davam edib. Tədbirin aparıcıları-muzey əməkdaşları Ziyalə Əliyeva və Aybəniz Abdullayeva tədbir haqqında qonaqlara məlumat verdikdən sonra çıxış edən muzeyin direktoru Şahnaz Mustafayeva Beynəlxalq Muzeylər Günü ilə əlaqədar muzey işçilərini təbrik edib. O,bildirib ki,bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.Xalqımızın maddi-mənəvi sərvətlərini qorumaq, mədəni irsin öyrənilməsində muzeylərin rolu əvəzsizdir.

           Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova “Hər muzey bir abidədir” mövzusunda geniş məruzə edərək bildirib ki, Mayın 18-i bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Günü – Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis edilmişdir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkşafına kömək şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Bu bayram dünyanın 100-dən artıq ölkəsində qeyd edilir. Beynəlxalq Muzeylər Günündə insanlar muzeyləri gəzərək milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirir. Hər il  müxtəlif devizlərlə keçirilən bu bayram muzey əməkdaşlarını birləşdirir, içtimaiyyətin diqqətini muzeylərə cəlb edir.

          Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova “Muzeylərin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır” adlı məruzəsində qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə mədəniyyətin qayğısına qalmış, onun gələcək nəsillərə çatdırılması üçün əlindən gələni etmişdir. Dahi rəhbərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkşafının yeni mərhələsinə qədəm qoymuşdur.  

         Ümummilli Lider Heydər Əliyev tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və ölkəmizin birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.

         Tədbirdə  Zərdab rayon 1 saylı məktəb-liseyin tədris işləri üzrə direktor müavini, Əməkdar müəllim Şəhla Eminova, rayon Mərkəzi Kitabxanasının direktor müavini Gülüstan Rəhimova, Mədəniyyət Mərkəzinin direktoru Elyura Məmmədova, “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov, rayon Gənclər və İdman İdarəsinin aparıcı-məsləhətçisi Ələkbər Kərimov və başqaları ediblər.

        Tarix-Diyarşünaslıq muzeyinin qarşısında açıq səma altında muzeyin eksponatlarından ibarət ekspozisiya təşkil olunub. Rayon Mədəniyyət Mərkəzinin və Uşaq incəsənət məktəbinin  müəllim və şagirdlərinin ifasında  mahnı və rəqslər, gənc rəsamların tədbir boyu muzey eksponatlarından rəsmlər çəkib tədbirin sonunda təqdim olunması tədbir iştirakçılarının qəlbini oxşayıb.