04.05.2019
Ənənəvi mədəniyyət bayramı öz işini Azərbaycanın ən səfalı və füsunkar guşələrindən biri olan respublikanın cənubundan - Masallı rayonunundan davam etdirir.
Festival ulu öndər Heydər Əliyevin 96 - cı ildönümü münasibətilə təşkil olunan yürüşlə başlayıb. Yürüş Bayraq Meydanı və Dövlət Rəmzləri Muzeyindən start götürərək “ASAN” Xidmət Mərkəzinin qarşısında sona çatıb.
Daha sonra Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının sərgi çadırları “ASAN xidmət” Mərkəzinin qarşısında qurulub.
Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yaradıcılıq nümunələri sərgilənib. Sərgi çərçivəsində “ABAD” Mərkəzi də öz sənətkarlıq nümunələrini nümayiş etdirib.
Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub.
Əlavə olaraq qeyd edək ki, festivalda 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq yerli şair və yazıçıların, publisistlərin əsərlərindən ibarət kitab guşəsi də qurulub.
Yaradıcılıq Festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər.
Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar və rayon rəhbrəliyi tərəfindən alqışlarla qarşılanıb.
Festivalı “Halay” follklor kollektivinin biri-birindən maraqlı rəqs nümunələrini nümayiş etdirməsi yaddaqalan edib.
Bundan başqa, qonaqlara cənub kulinariyasından olan təamlarda təqdim olunub.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.
Festivala Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi bir neçə ölkənin Azərbaycandakı səlahiyyətli nümayəndələri və yüzlərlə masallılar da qatılıblar.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Festivalın may ayının sonunda yekunlaşdırılması planlaşdırılır.