26.12.2018
26 dekabr 2018-ci il tarixdə Zərdab rayon Mərkəzi kitabxanada Xankəndinin işğalının 27-ci ildönümü ilə əlaqədar “Qara donlu Xankəndim” adlı tədbir keçirildi.
Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri MKS-nin direktoru N.Əliyeva açaraq bildirdi ki , Yuxarı Qarabağın mərkəzi olan Xankəndinin (keçmiş Stepanakert) Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 27 il ötür. Hələ 1988-89-cu illərdə Xankəndi artıq erməni separatizminin mərkəzinə çevrilmişdi. 1989-cu ildən şəhərdə soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa çatıb.
Bizim hər birimizin ən böyük arzusu qələbədir, işğal olunmuş torpaqlarımızın geri qaytarılması, azad olunmasıdır. İnanırıq ki, qeyrətinə arxalandığımız, ümidmizi bağladığımız igid oğullarımız bizi bu bəladan xilas edəcək, Qarabağ həsrətimizə son qoyulacaqdır. Həmin şad günü həsrətlə gözləyən xalqımızın qurub-yaratmaq, qələbə sevincini yaşamaq arzuları gerçəkləşəcəkdir.
Oxuculara Xidmət şöbəsinin əməkdaşı X.Abışova "Xankəndinin işğalı" adlı məruzə ilə çıxış etdi.Tədbir iştirakçılarından- Gülüstan Rəhimova ,Gülzar Qasımova və Bıçaqçı kənd kitabxana filialının müdiri İradə Abışova çıxışlarında zaman-zaman ermənilərin Azərbaycan xalqının başına gətirdikləri müsibətlərdən danışdılar. Və qeyd etdilər ki, 27 ildir soydaşlarımız öz yurd-yuvalarından didərgin düşüb. Xalqımız inanır ki, torpaqlarımız erməni işğalından azad olacaq. O gün uzaqda deyil .