30.11.2018
27.11.2018-ci il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivinin təşkilatçılığı ilə rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Ulu Öndər Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı “Azərbaycanın özü qədər əbədi” mövzusunda tədbir keçirildi.
İlk öncə tədbir iştirakçıları xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər.
Sonra tədbir iştirakçıları kitabxanada daimi nümayiş olunan, ulu öndərin xatirəsinə həsr olunmuş “Heydər Əliyev fotolarda”, “Heydər Əliyev və Mədəniyyət” adlı sərgilərə tamaşa etmişlər.
Tədbiri giriş sözü ilə açan Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətlərindən danışmışdır.
Könül xanım dahi şəxsiyyətin siyasi, iqtisadi, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi islahatlardan, möhtəşəm layihələrdən bəhs etmiş, qüdrətli Azərbaycanın bütün nailiyyətlərinin fenomenal dövlət xadiminin adı ilə bağlı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Heydər Əliyev Mərkəzinin elmi işçisi Alagöz Namazova ”Azərbaycanın özü qədər əbədi” adlı məruzəsində ulu öndər Heydər Əliyev haqqında danışaraq, onun fenomenal şəxsiyyət olduğunu diqqətə çatdırmışdır.Ulu öndərin uzaqgörən siyasi iradəsi sayəsində Azərbaycanın müstəqilliyinin möhkəmləndiyini, ölkəmizdə ictimai-siyasi və iqtisadi sabitliyin bərqərar olduğunu bildirmişdir. Alagöz xanım ümummilli liderin elm, təhsil və mədəniyyət sahəsinə göstərdiyi diqqəti xüsusi vurğulamışdır.
Tədbirdə digər çıxış edən Mərkəzi Kitabxanın direktor müavini Gülüstan Rəhimova müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açdı.