Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Səhnəmizin unudulmaz Leylisi – Gülxar Həsənova”

26.11.2018

            Noyabrın 23-də Rəsul Rza ev muzeyində görkəmli opera müğənnisi, aktrisa Gülxar Həsənovanın 100 illik yubileyinə həsr olunmuş “Səhnəmizin unudulmaz Leylisi - Gülxar Həsənova” adlı tədbir keçirildi. Rayon Mərkəzi kitabxananın əməkdaşları ilə keçirilən tədbiri giriş sözü ilə açan muzeyin direktoru S.Həsənova qeyd etmişdir ki, hər bir sənətkar özünəməxsus cəhətləri ilə yaddaşlarda qalır. Bu mənada görkəmli opera müğənnisi, aktrisa G.Həsənovanı da unudulmaz edən məlahətli səsi və  bənzərsiz sənətkarlığı idi. G.Həsənova Azərbaycan operasının şah əsərlərində təbiiliyi, dolgunluğu və özünəməxsusluğu ilə seçilən çox sayda unudulmaz obrazlar yaratmış, uzun illər ərzində aparıcı partiyalardakı yaddaqalan çıxışları ilə ıfaçılıq sənəti tariximizə yeni səhifələr yazmışdır. Gənc opera solistlərinin hazırlanmasında onun təqdirəlayiq xidmətləri vardır.

            Digər natiq muzeyin bələdçisi G.Ağayeva Gülxar Həsənovanın həyat və səhnə fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Aktrisanın yaradıcılığında Leyli və Ərəbzəngi obrazlarının xüsusi yer tutduğunu bildirən natiq onun digər səhnə obrazlarını da xüsusi vurğulamışdır. G.Həsənova öz müsahibəsində deyirdi ki, o, məhz Ərəbzəngi obrazı vasitəsilə öz hiss-həyəcanını, düşüncələrini ifadə edə bilir, yaşantılarını yaşayırdı. Azərbaycan SSRİ xalq artisti, şöhrət ordeni laureatı G.Həsənova bü gün də yaddaşlarda mahir ifaçı kimi qalıb və daim xatırlanacaq.

            Tədbir Gülxar Həsənovanın ifası və fotoşəkilləri ilə hazırlanmış video rolikin nümayişi ilə yekunlaşmışdır.