17.10.2018
17 oktyabr 2018-ci il tarixdə Ağdaş rayon MKS-nin oxu zalında Mərkəzi kitabxana və 1 saylı Gənclər kitabxanasının birgə təşkilatçılığı ilə "Müstəqilliyimiz dönməzdir, əbədidir, sarsılmazdır!” adlı tədbir keçirildı. Tədbir Dövlət himnimizin səslənməsi ilə başladı.
Giriş sözü ilə tədbiri açan MKS-nin direktoru Seyfəddin Feyzullayev qeyd etdi ki, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində Dağlıq Qarabağ münaqişəsi ilə başlayan milli azadlıq hərəkatı əvvəlcə 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında” Bəyannamənin, həmin ilin oktyabrın 18-də isə “Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə nəticələnmişdir.O dövrdə Azərbaycanın müstəqilliyi formal xarakter daşıyırdı, çünki Azərbaycan milli maraqlardan çox uzaq olan, səriştəsiz şəxslər tərəfindən idarə edilirdi. Bu da Azərbaycanın əsl müstəqil dövlət kimi formalaşmasına imkan vermirdi.
S. Feyzullayev vurğuladı ki, yalnız 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev respublikamızda ali siyasi hakimiyyətə qayıtdıqdan sonra, onun böyük uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində Azərbaycanın əsl müstəqilliyi təmin edilmişdir.
Bu gün dahi liderimizin müdrik siyasi kursu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.
Mərkəzi kitabxananın işçisi Vüsalə Məmmədova öz məruzəsində o dövrün tarixinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizədən danışdı. O, qeyd etdi ki, XX əsrdə Azərbaycan xalqı iki dəfə müstəqilliyinə qovuşmuşdur. Təəssüf ki, 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə əldə etdiyimiz müstəqillik xarici hərbi müdaxilə nəticəsində itirilmişdir. Lakin azadlıq ideyası həmişə xalqımızın qəlbində yaşamışdır. V. Məmmədova tarixən Azərbaycanın nə qədər məşəqqətli yollardan keçdiyini, keşməkeşli dövrlər yaşadığını, amma bütün bunlara baxmayaraq hər zaman bütün çətinliklərə milli birlik yaradıb sinə gərdiyini və dirçəlişə ucaldığını bildirdi.
Ağdaş rayon Müşfiq İsayev adına orta məktəbin 4–cü sinif şagirdləri: Ayan Ağayeva, Çingiz Cəlilov, Fidan Seyfəlova, Yağmur Həşimovanın ifasında Azərbaycanın müstəqilliyini tərənnüm edən şeirlər səsləndi.
Tədbirin sonunda “Müstəqillik günü” adlı video-çarx nümayiş olundu və tədbir iştirakçıları “18 oktyabr Azərbaycanın müstəqillik günü” adlı sərgi ilə tanış oldular.