13.12.2024
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Sənətkarın dostu” layihəsi bu dəfə Ağdaş şəhərində uğurla reallaşıb.
Növbəti görüş MEMİM-in təşkilatçılığı, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 11 dekabr 2024-cü il tarixində Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbində Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Milli Konservatoriyasının dosenti, kamança ifaçısı Elnur Əhmədovla keçirilib.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov və MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov qonaqları salamlayaraq regionlarda bu kimi tədbirlərə böyük ehtiyyac olduğunu həmçinin bu görüşün Bakıdan kənarda ilk dəfə baş tutduğunu diqqətə çatdırıblar.
Riad Cəbrayılovun moderotorluğu ilə baş tutan tədbirdə Elnur Əhmədov kamança aləti, ifaçılıq ənənələri, alətin tədrisi, təbliği və digər mövzularda çıxış edib.
Ustad dərsi formatında keçirilən tədbirdə sənətkarın özü ilə yanaşı Azərbaycan Milli Konservatoriyasındakı (AMK) tələbələri Baloğlan Qafarov, Əli Rüstəmbəyli, Abuzər Əsgərli həmçinin Musiqi Kollecinin məzunu Fərid Qədirov (nağarada AMK-nın müəllimi Siyavuş Kərimov müşayiət edib) və Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Adəm Hümbətzadə, Kürdəmir şəhər Uşaq İncəsənət Məktəbinin şagirdi Nuray Şirinovanın ifasında musiqi nümunələri təqdim olunub.
Xatırladaq ki, “Sənətkarın dostu” layihəsi mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, görkəmli incəsənət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçirilir.
Layihə çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə paytaxt və regionlarda maarifləndirici, musiqili və interaktiv görüşlərin davamlı təşkili nəzərdə tutulub.