Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda inklüziv festival keçirilib.

07.06.2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Mədəniyyət Nazirliyinin Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ağdaş şəhərində “Hər kəs üçün yaşıl dünya” adlı inklüziv festival keçirilib.

Festivalda şəhid ailələrinin üzvləri, müharibə əlilləri, əlilliyi olan digər şəxslər, səyyar sosial-məişət xidməti göstərilən ahıllar, Agentliyin sifarişi əsasında Ağdaşda fəaliyyət göstərən günərzi qayğı mərkəzinin xidmətlərinə cəlb edilən uşaqlar və rayon ictimaiyyəti iştirak edib.

Ağdaş şəhərindəki Heydər Parkı və Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbində keçirilən festivalda milli adət-ənənələrimizi əks etdirən nümunələrə baxış keçirilib. Qonaqlar, muzey eksponatları, həmçinin əlilliyi olan şəxslərin və rayonun yaradıcı şəxslərinin və Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi ümumtəhsil məktəblərinin şagirdlərinin əl işlərinin və rəsmlərin nümayiş olunduğu sərgilərlə tanış olublar.

Festival çərçivəsində müxtəlif sənətkarlıq növləri üzrə masterklaslar da (keramika, ebru sənəti, dulusçuluq sənət növü) təşkil edilib. Uşaqlar üçün yaradılan əyləncə zonası, kəndirbazların və paralimpiyaçıların çıxışları tədbirə rəngarənglik qatıb.

Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələri və hazırda orada peşə öyrənən gənclər də hazırladıqları əl işlərini (tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, rəssamlıq və s.) nümayiş etdiriblər.

Sonda əlilliyi olan şəxslərin, müharibə iştirakçılarının musiqiçilərin, musiqi məktəblərinin şagirdlərinin ifasında musiqi və rəqs nümunələri təqdim edilib.