Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Təmizliyin, paklığın rəmzi Su çərşənbəsi bayram ab-havasında qeyd edildi.

27.02.2024

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mingəçevirdə Su çərşənbəsi təntənə ilə qeyd edilib.

Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qədim zamanlarda hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.

Kür çayının sahilində, “Sahil” parkında keçirilən tədbirdə milli adət-ənənələrimizi özündə cəmləşdirən Novruzun ilk çərşənbəsində qonaqlar və şəhər əhalisi əyləncəli vaxt keçiriblər.

Mingəçevir Dövlət Dram Teatrının təqdimatında nümayiş etdirilən tamaşa, çoxəsrlik maddi - mədəni irsimizi, milli ruhumuzu özündə əks etdirən əşyalar, milli oyunlar, ululuq və ağsaqqalıq rəmzi sayılan Dədə Qorqudun, kəndirbazların, “Teşti” və “Nargilə” Folklor ansamblının, Novruzun əsas personajlarından olan kosa və keçəlin əyləncəli çıxışları, ebru sənətkarlığı, dulusçuluq nümunələri, əl işləri, rəsm nümunələri, milli mətbəxin dadlı təamları, çay dəstgahları ilə rənglənən bayram şənliyi böyük maraqla qarşılanıb.

Tədbir boyunca regionun mədəniyyət müəssisələrinin əməkdaşlarının ifalarında səsləndirilən milli və bayram əhval-ruhiyyəli musiqilər, musiqi məktəbinin müəllimlərinin xalq çalğı alətlərində çıxışları, uşaq incəsənət məktəbinin şagirdlərinin rəqs nömrələri bayram şənliyini daha da canlandırıb.