25.02.2024
Göyçay rayon Mədəniyyət Mərkəzində 23 fevral 2024-cü il tarixində Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş “Bir gecənin faciəsi” adlı tədbir keçirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət müəssiəslərinin əməkdaşları və Xocalı sakini Rizvan Hümbətov iştirak ediblər.
İştirakçılar ilk olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə qeyd olunub ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsində Şanlı Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə bərabər Xocalı faciəsi qurbanlarının və doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin qisasını aldılar. Şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan təmizləndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Xocalı sakini Rizvan Hümbətov Xocalı soyqırımı və bu qanlı qırğının qurbanlarının xatirəsinin daim anılmasının vacib olduğunu qeyd edib.
Anım tədbiri rayon Mədəniyyət Mərkəzinin kollektivinin təqdimatında hazırlanan ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.