12.02.2024
Fevralın 12-də Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsində olan teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunmuş görüş keçirilib.
Bildiyimiz kimi 2024-cü il yanvarın 27-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə regionlardakı teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilmiş və bu sahədə prioritet istiqamətlər diqqətə çatdırılmışdır.
Müşavirədə qeyd edilən tapşırıq və tövsiyyələrin tətbiq edilməsi, yerlərdə müvafiq sahənin canlandırılması üçün görüləcək işlərin müzakirəsi məqsədilə keçirilən görüşdə Mingəçevir Dövlət Dram Teatrının, mədəniyyət mərkəzlərinin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Bildirilib ki, son illər Azərbaycan teatr sənətinin inkişafı yönündə bir sıra dəyərli addımlar atılır, mühüm layihələr həyata keçirilir. Müxtəlif festivallar, konfranslar, teatr günləri bu sahədə canlanma yaradır. Teatr sahəsinin daim inkişaf etməsi, yenilənməsi, dövrün çağırışlarına cavab verməsi xüsusi əhəmiyyət kəsb edir. Günün tələblərinə uyğun repertuarın formalaşdırılması, teatrların repertuarı üçün əsərlər seçilərkən müasirlik, xalqın milli-mənəvi dəyərlərinə uyğunluq və maarifləndirici xüsusiyyətlərə malik olması vacib şərtdir. Vətəndaşların, xüsusilə də, həssas qrupların teatr və konsert müəssisələrinin xidmətlərindən lazımi şəkildə istifadəsi məqsədilə inklüziv layihələr də həyata keçirilməlidir.
Gənc yaradıcı kadrların öz potensiallarını lazımi səviyyədə nümayiş etdirmələri üçün münbit şəraitin yaradılması, regionlarda teatr sahəsində kadr probleminin aradan qaldırması, gənc istedadların aşkara çıxarılması, teatrlara cəlb edilməsi xüsusilə vacibdir.
Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Həsənov, Ağdaşda və Yevlaxda fəaliyyət göstərən xalq teatrlarının rəhbərləri çıxış edərək fəaliyyətləri haqqında məlumat verib, təkliflərini səsləndiriblər.