19.05.2023
18 may 2023-cü il tarixində Göyçay Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar olaraq Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəini icra edən Rafiq İsgəndərov və idarəni aparat işçiləri, MİHİ Göyçay rayon komitəsinin sədri Nəriman Məlikov, Göyçay rayon Uşaq Yaradıcılıq Birliyinin sədri Zahidə Mirzəyeva, mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları, Vətən müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu öndərin və torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Muzeylərin yaranma tarixindən və Ulu öndərin muzeylər haqqında sərəncam və qərarlarından, ölkədə muzey sahəsində görülən işlər barədə geniş məlumat verildikdən sonra tədbir iştirakçılarına söz verilib.
Çıxış edənlər qeyd ediblər ki, xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan ulu öndər respublikada muzeylər şəbəkəsinin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Ümummilli lider Heydər Əliyev tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, eləcə də ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.
Tədbir Göyçay rayon Mədəniyyət Mərkəzinin, musiqi məktəbinin əməkdaşlarının ifasında musiqi, məktəblilərinin ifalaraında şeir və rəqs nömrələri ilə davam etdirilib.
Sonda tədbir iştirakçıları tərəfindən muzeyin ekspozisiyasında nümayiş etdirilən eksponatlara baxış keçirilib.