Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əzizə Cəfərzadənin yeni kitabları Ağdaş rayon Mərkəzi kitabxanasına hədiyyə edilib

03.03.2022

2 Mart 2022-ci il tarixində Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında Xalq yazıçısı, görkəmli pedaqoq Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov tərəfindən yazıçının əsərlərinin yeni nəşrlərinin kitabxanaya hədiyyə edilməsi  ilə əlaqədar tədbir keçirilib.

Ağdaş rayon MKS-nin direktor müavini Sevgili İbrahimova tədbiri giriş sözü ilə açaraq Turan İbrahimovu tədbir iştirakçılarına təqdim edib və XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri olan Əzizə Cəfərzadənin ədəbiyyat tarixində önəmindən söhbət açıb. O,  dildirib ki, Əzizə xanımın  kitabları, Dünya azərbaycanlıları arasında, Türk dünyasında minlərlə oxucunun sevimli kitabları sırasındadır. Əzizə xanımın əsərləri gənc nəslin bədii zövqünün formalaşmasında xüsusi rola malikdir. Əzizə Cəfərzadə bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərib. S.İbrahimova qeyd edib ki, uzun illərdir Əzizə Cəfərzadənin əsərləri Ağdaş rayon kitabxanalarında qorunub saxlanılır və oxucuların istifadəsindədir.

Ağdaş rayon Mərkəzi kitabxanasının Metodika və Biblioqrafiya şöbəsinin baş biblioqrafı Könül Musayeva yazıçının həyat və yaradıcılığı ilə bağlı geniş məruzə ilə çıxış edib. O bildirib  ki, tanınmış qadın yazıçılarımızdan olan Əzizə Cəfərzadənin yaradıcılığının XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri var. Onun klassik Azərbaycan ədəbiyatının, xüsusən də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarışlarının bəhrəsi olan əsərləri həmişə elmi ictimaiyyətin marağına səbəb olub.

Sonra xalq yazıçısı Əzizə Cəfərzadənin çoxşaxəli ədəbi, elmi, pedaqoji və ictimai fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.      

Əzizə Cəfərzadənin varisi Turan İbrahimov tədbir iştirakçıları ilə yazıçı haqqında xatirələrini, ürək sözlərini bölüşüb. Vurğulayıb ki, Əzizə Cəfərzadə ədəbiyyata, elmə, doğma xalqına təmənnasız xidmət edib. O, həmçinin gənc kadrların yetişməsinə öz töhvəsini verib.

Görkəmli ədibin oğlu, Əzizə Cəfərzadə irsinin qorunub saxlanılmasında böyük xidmətləri olan Turan İbrahimov yazıçının son vaxtlarda nəşr olunmuş  26  nüsxə kitabı kitabxanaya hədiyyə olaraq bağışlayıb və tədbirin təşkilinə görə Ağdaş rayon MKS-nin rəhbərliyinə və kollektivinə təşəkkür edib.