21.02.2022
21 Fevral 2021-ci il tarixində Ağdaş rayon Mərkəzi kitabxananın oxu zalında 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə “Dilin sehri, sözün sehri” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq bildirib ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Mərkəzi kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri Müşərrəf Alıyeva məruzə ilə çıxış edərək Beynəlxalq Ana Dili gününün keçirilmə tarixi haqqında məlumat verib. M.Alıyeva onu da qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında” Sərəncamları və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Ağdaş rayon B.Nəbiyev adına 3 saylı beynəlmiləl məktəbinin 4-cü sinif şagirdlərinin ifasında dilimizin gözəlliyini, zənginliyini əks etdirən şeirlər səsləndirilib, dilimizin inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub
Sonda “21 Fevral - Beynəlxalq Ana Dili günü” adlı sərgiyə baxış keçirilib.