07.12.2021
Ölkə Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli sərəncamı ilə, bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilmişdir. Bu münasibətlə Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində silsilə tədbirlər keçirilməkdədir.
6 dekabr 2021-ci il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasında “2021-ci ilin Nizami ili” elan olunması ilə əlaqədar “Poeziya dünyasının dahisi” başlıqlı tədbir keçirilib.
Tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin Zərdab rayonu üzrə Nümayəndəsi Urfan Əhmədov, MİHİ Zərdab rayon Komitəsinin sədri Vəfa Bayramova, Mədəniyyət Mərkəzinin məsul əməkdaşları, Ağdaş Regional Mədəniyyət İdarəsi, “ARB”, “ARB Günəş” və “EL” tv - nin birgə layihəsi olan "Sözün Sehri" şeir müsabiqəsin iştirakçısı Teyyub Xəlilov, Mərkəzi Kitabxananın, kənd və şəhər kitabxana filiallarının, Heydər Əliyev Mərkəzinin əməkdaşları, şəhər 2 və 3 saylı tam orta məktəblərinin və Gəndəbil kənd tam orta məktəbinin şagirdləri, fəal oxucular iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, 30 noyabr tarixində Hərbi helikopter qəzasında həlak olan hərbiçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Zərdab rayon MKS-nin direktoru Nailə xanım Əliyeva tədbiri açaraq, qonaqları salamlayıb, tədbirin mahiyyətindən söz açaraq qeyd edib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nizami Gəncəvi nəinki Azərbaycan xalqına, ümumən bəşəriyyətin mədəniyyət xəzinəsinə öz töhfəsini vermiş mütəfəkkirdir. Prezidentimizin Nizami sənətinə verdiyi dəyərin nümunəsi olaraq ili dahi şairin adı ilə bağlaması təkcə Nizami yaradıcılığına deyil, bütövlükdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, tarixi keçmişinə verilən dəyərin təzahürüdür.
Oxuculara xidmət şöbəsinin Multimüdia resursları üzrə mütəxəssisi Xanım Abışova “Nizami Gəncəvi yaradıcılığında insan haqlarının təbliği” adlı məruzəsində qeyd olunur ki, görkəmli Azərbaycan mütəfəkkiri, söz və fikir aləminin nəhəng karifeylərindən biri olan Nizami sosial ədaləti, azadlığı hüquq bərabərliyini hələ XII yüzillikdə təbliğ etməklə insanlığın xoşbəxt gələcəyini arzu edən dahi şəxsiyyət olmuşdur. Bəşəriyyətin taleyi üçün hər kəsin öz səviyyəsində, imkan və bacarığı daxilində məsuliyyət daşıdığını dönə-dönə müasirlərinə çatdıran böyük mütəfəkkir bütün həyatı boyu ümumbəşəri ideallarla yaşamış və bunun uğrunda mübarizə aparmış, öz zəngin yaradıcılığını insanın taleyüklü problemlərinin həllinə həsr etmişdir. Nizami əməkçi insanın hüququ uğrunda mübarizə aparmışdır. Nizami öz xalqını bütün dünyada şöhrətləndirmiş və bütün xalqların bərabər hüquqlu mədəni həyatını arzulamışdır.
Ağdaş Regional Mədəniyyət İdarəsinin Zərdab rayonu üzrə Nümayəndəsi Urfan Əhmədov tədbirdə çıxış edərək bildirdi ki,Nizami Gəncəvi dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir. Nizami milliyyətcə azərbaycanlı olsa da, düşüncə və təfəkkürü baxımından bütün bəşəriyyətin şairidir. İstər Şərq, istərsə də Qərb dünyasında Nizami yaradıcılığından mədəniyyət və ədəbiyyatın müxtəlif sahələrində bəhrələniblər. Şərq miniatür sənətində tarix boyu rəssamların, nəqqaşların ən çox müraciət etdiyi süjetlər məhz Nizami “Xəmsə”sindən götürülən süjetlərdir. Şairin xatirəsinə hörmət əlaməti kimi dünyanın bir çox ölkələrində heykəl və büstləri qoyulub, əsərləri bir sıra dillərə tərcümə olunub.
Uşaq şöbəsinin fəal oxucuları – Əsədli Sona, Zəhra və Fatimə Cavadlı, İsmayılova Nuray, Xəlilova Xədicə və Nahid Cəfərli-ifasında şairin hikmətli kəlamları haqqında kompozisiya səsləndirilib, Yarməmmədbağı kənd kitabxana filialının fəal oxucusu Gülnar Tapdıqova “Sənsiz”qəzəlini, Gəlmə kənd kitabxana filialının fəal oxucusu, “Sözün sehri” müsabiqəsinin iştirakçısı Münəvvər Orucova “Ay üzlü nigarım” qəzəlini, Dəkkəoba kənd kitabxana filialının fəal oxucusu Xədicə İsayeva “Az danışmağın gözəlliyi” şeirini, Salahlı kənd kitabxana filialının oxucusu, “Sözün sehri” müsabiqəsinin iştirakçısı Tavad Abbasova “Sevgili canan” qəzəlini söyləyiblər. Gəndəbil kənd kitabxana filialının fəal oxucuları Gəlil Əhmədov və Cəsur Hüseynli dünya ədəbiyyatının günəşi hesab edilən Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından Xosrovla Fərhadın deyişməsi səhnəsini canlandırıblar.
Gəndəbil kənd kitabxana filialının müdiri Dürriyə Abdullayeva və Gəndəbil kənd tam orta məktəbinin Azərbaycan Dili və Ədəbiyyatı müəllimi Aygün Abdullayeva da çıxışlarında bildirdilər ki, yurdu Gəncə, Vətəni bütöv Azərbaycan olsa da, bütün dünyanın şairidir Nizami Gəncəvi. Dahilərin qisməti budur. Onların yaratdıqları bütün dünyanın ən qiymətli xəzinəsi sayılır. Fərq onda olur ki, bəzən şəxsiyyətin böyüklüyü, onun ərsəyə gətirdiklərinin dəyəri öz sağlığında bilinmir. Nizami Gəncəvi bu mənada, xoşbəxt sənətkar idi. Müasirləri necə böyük bir dahi ilə eyni dövrdə yaşadıqlarının fərqində idilər. Odur ki, hələ özü bu dünyada ikən ardıcılları var idi. Onlar şairin əsərlərindən ilham alır, bəhrələnirdilər. Zaman əsrlərin ömrünü yeni əsrlərə verə-verə yol gedir. Nizami Gəncəvi poeziyasına münasibət isə dəyişmir.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin sədri Vəfa xanım Bayramova da “Nizami ili” ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verərək bildirib ki, 23.10.2021 –ci il tarixdə Zərdab rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin bir qrup əməkdaşının “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Gəncə şəhərində yerləşən Nizami Gəncəvinin məqbərəsinə və Nizami Gəncəvi muzeyinə səyahətinin təşkil olunmuşdur.
Tədbirin sonunda Vəfa Bayramova tədbirin fəal iştirakçılarına hədiyyələr təqdim edib.