19.09.2021
18 Sentyabr 2021-ci il tarixində Habil Əliyev adına Ağdaş şəhər Uşaq Musiqi Məktəbində Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəylinin anadan olmasının 136-cı ildönümü və Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rafiq İsgəndərov Şərqdə ilk opera, operetta janrının, bənzərsiz musiqi irsinin müəllifi Üzeyir Hacıbəylinin yaradıcılığından söhbət açıb, bəstəkarın ad günü münasibətilə ölkəmizdə, o cümlədən Ağdaş rayonunda silsilə tədbirlərin keçirildiyini vurğulayıb.
O, öz çıxışında Üzeyir Hacıbəyli irsinin təkcə Azərbaycanın deyil, bütün dünyanın nadir incisi olduğunu bildirmiş,dahi bəstəkarın yaradıcılığını Azərbaycan xalqının milli mənəvi sərvəti adlandırmışdır. O eyni zamanda qeyd edib ki,1995-ci ildə Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18- sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır. Fərmana uyğun olaraq hər il respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər, festivallar təşkil olunur. Bu il Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 8-24 sentyabr tarixlərində ölkəmizdə ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzərdə tutulub. Əsasən Bakı şəhərində təşkil olunacaq festivalın Şuşa, Gəncə və Ağdam şəhərlərində də bir sıra konsert proqramları baş tutacaq.
Məktəbin qarşısında, açıq səma altında təşkil olunmuş tədbirdə Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin, xor kollektivinin, Xalq Çalğı Alətləri ansamblının eləcə də rayon mədəniyyət işçilərinin ifasında Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi dəyərli əsərlər səsləndirilib, məhşur “O olmasın bu olsun” və “Arşın mal alan” əsərlərindən səhnəciklər nümayiş etdirilib.
Tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, Rayon icra hakimiyyəti aparatının məsul işçisi Möhlüd Hacıxanov, İdarə təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.