16.07.2021
16 iyul 2021- ci il tarixində Ağdaş rayon Mərkəzi kitabxananın oxu zalında müsəlman aləminin ən müqəddəs bayramlarından olan Qurban bayramına həsr olunmuş “Müqəddəs Qurban bayramı” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib və qeyd edib ki, bəşər tarixində bütün səmavi dinlərdə qurban kəsmək insanı Allaha yaxınlaşdıran bir ibadət olmuşdur. Qurban kəsmək hər bir imkanlı müsəlman üçün vacibdir. Çünki qurbanda yardımlaşma, paylaşmaq və digər möhtac insanların dərdinə şərik olmaq vardır.
Tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağdaş rayon şöbəsinin sədri Asif Ədilov İslam aləminin müqəddəs bayramlarından olan Qurban bayramının fəzilətlərindən, insanları halallığa, paklığa səsləyən maraqlı tarixindən söhbət açdı. Bildirdi ki, bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Bu bayramın da əsasında xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.
Azərbaycan Yazıçılar Birliyinin Ağdaş bölməsinin sədri Fəxrəddin Əsəd çıxışında qeyd edib ki, bu bayramın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı- seçkiliyinə yol verilmir.
Sonda “Müqəddəs Qurban bayramı” adlı sərgiyə baxış olub.