Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə onlayn tədbir keçirilmişdir.

25.02.2021

         24 fevral 2021-ci il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Zoom"  proqramı vasitəsilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş "Xocalı soyqırımı-bəşər tarixinin ən amansız faciəsi" adlı onlayn tədbir keçirilmişdir.

        Əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

        Tədbiri giriş sözü ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Coşqun İsmayılov açaraq bildirib ki, Erməni faşizminin mənfur xislətini tamamilə ifşa edən bu kütləvi və amansız soyqırım aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyət əleyhinə yönəlmiş qəddar cinayətdir.

         Daha sonra çıxış üçün söz 3 saylı tam orta məktəbin tarix müəllimi Nigar Beydullayevaya verilib. O, çıxışında qeyd edib ki, Beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymayan azğınlaşmış erməni silahlı birləşmələri Xocalıda bu soyqırımı törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyətini güdmüşdülər.

        Növbəti olaraq, Dini Qurumlar üzrə Dövlət komitəsinin aparıcı məsləhətçisi Rauf Nəsirli mövzu ətrafında çıxış edərək bildirib ki, erməni silahlı birləşmələrinin çirkin niyyəti Xocalı şəhərindəki azərbaycanlıları məhz milli-dini zəmində son nəfərədək qətlə yetirmək olmuşdur. Ermənilər beynəlxalq humanitar hüquqda yolverilməz sayılan soyqırım cinayətinə şüurlu, məqsədli şəkildə, bilərəkdən əl atmış, misli görünməmiş qətliam törətmişlər.