25.02.2021
Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində 26 Fevral – Xocalı Soyqırımının 29-cu ildönümü münasibətilə “Xocalı-29” adlı videokonfrans keçirilib. Konfransa Mərkəzi kitabxananın və 30-dək filial kitabxanaların işçiləri qoşulub.
Tədbiri giriş sözü ilə MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq qeyd edib ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli faciələrindən biridir. İllər ötsə də bu faciənin vurduğu yara sağalmazdır.
MKS-nin oxuculara xidmət şöbəsinin əməkdaşı Vüsalə Məmmədova Xocalı faciəsinin baş verdiyi tarixə qayıdaraq 1992- ci ilin fevral ayının 25-dən 26 na keçən gecədə ermənilərin törətdiyi insanlığa sığmayan vəhşiliklərdən, azərbaycanlılara tutulan divanlardan, məhv olmuş yurd yerlərindən danışıb.
Aralbir kənd kitabxanasının əməkdaşı Nurlanə Bayramova Xocalı faciəsi zamanı Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin göstərdiyi qəhrəmanlıqdan söhbət açıb.
65 saylı şəhər kitabxanasının işçisi Səbinə Lətifova, 62 saylı şəhər, Aşağı Zeynəddin, Orta Qəsil kənd kitabxanalarının fəal oxucuları Xocalıya həsr olunmuş şeirlər səsləndiriblər.
Qaradağlı kənd kitabxanasının əməkdaşı Umarova Rəsmiyyə Xocalı soyqırımı barədə öz fikirlərini söyləyib.
Tədbirin sonunda Seyfəddin Feyzullayev Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar filiallar tərəfindən hazırlanmış və sosial şəbəkələrdə paylaşılmış videoçarxlar barədə məlumat verərək qeyd edib ki, əvvəlki vaxtlarla müqayisədə kitabxanaçılarımızın sosial şəbəkədəki işi təqdirəlayiqdir. ZOOM proqramı ilə təşkil olunan videokonfranslara getdikcə daha çox kitabxanaçı qoşulur.
Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar bütün kitabxanalarımızda Xocalı faciəsinə həsr edilmiş sərgilər təşkil edilmişdir.