04.11.2024
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi tərəfindən “Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçiriləcək.
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş müsabiqənin məqsədi xüsusi bacarığa malik olan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, məktəbdənkənar vaxtlarının səmərəli keçirilməsi, bədii-estetik zövqünün tərbiyə edilməsi, yeni istedadların üzə çıxarılmasıdır.
Müsabiqədə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsinə aid olan Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarından olan 6-17 yaş arası namizədlər (6-9 yaş, 10-13 yaş, 14-17 yaş) iştirak edə bilərlər.
Müsabiqə 2024-cü ilin noyabr-dekabr aylarında iki mərhələdən ibarət olmaqla (seçim və final) keçiriləcəkdir.
İştirakçılar 3 meyar üzrə 10 bal sistemi ilə münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.
Namizədlər müsabiqədə iştirak etmək üçün ərizə formasını 4 noyabr 2024-cü il tarixindən 24 noyabr 2024-cü il tarixinədək resmmusabiqesi1@gmail.com elektron poçt ünvanına göndərə və yaxud yaşadığı ərazidə yerləşən rayon Heydər Əliyev Mərkəzinə təqdim edə bilərlər.
İştirakçılar qeydiyyat üçün ərizə formasını resmmusabiqesi1@gmail.com elektron poçt ünvanına mesaj yazaraq əldə edə bilərlər.
Müsabiqədə namizədlər təbiətə və ətraf mühitə həsr edilmiş rəsm əsərləri ilə iştirak edəcəklər. Təqdim edilən işin ideyası iştirakçının özünə məxsus olmalıdır. Sərbəst texnika ilə işlənməlidir. Təqdim edilən iş 40x60 ölçüsündə və çərçivədə olmalıdır. Təqdim olunan işin arxa hissəsinə çap olunmuş formada tərtibata xələl gətirmədən etiketlər yapışdırılmalıdır. Etiket 9x12 sm ölçüdə olmalı, üzərində iştirakçınin adı, soyadı, atasının adı, yaşı qeyd olunmalıdır.
İştirakçı müsabiqədə yalnız 1 (bir) rəsm əsəri ilə iştirak edə bilər.
İştirakçının müsabiqəyə təqdim etdiyi rəsm əsəri yeni olmalıdır. Qeyri müsabiqəyə təqdim edilmiş olmamalıdır.
Müsabiqənin Əsasnaməsində qeyd edilmiş normalara uyğun olmayan işlər münsiflər heyəti tərəfindən qiymətləndirilməyəcəkdir.
Münsiflər heyətinin qərarı ilə müsabiqə zamanı bacarığının yoxlanılması məqsədilə iştirakçıya təqdim etdiyi işin yenidən (münsiflər tərəfindən müəyyən olunmuş vaxt ərzində) işlənilməsi tapşırıla bilər.
I mərhələdə qalib olmuş iştirakçılar eyni əsərlə final mərhələsində iştirak edəcəklər.
Seçim mərhələsinin keçiriləcəyi saat, tarix və məkan barədə məlumat əvvəlcədən namizədlərə bildiriləcəkdir.